Skarlatinanın əlamətləri və müalicəsi
Bakı, 16 mart, AZƏRTAC
Skarlatina boğaz ağrısı və hərarətlə müşayiət edilən orqanizmin ümumi intoksikasiyasına səbəb olan infeksion xəstəlikdir. Mütəxəssislərin dediyinə görə, skarlatina daha çox payız-qış aylarında özünü büruzə verir və əsasən 5-15 yaş arası uşaqlarda müşahidə olunur. Adətən yüksək hərarət və boğaz ağrısı ilə başlayan xəstəliyin əlamətləri arasında limfa düyünlərinin böyüməsi və tez-tez qaytarma kimi hallar da var.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Aynur Əhmədova deyib: “Skarlatina xəstəliyi zamanı dəri hiperimeriyalaşır, yəni qızarır. Qızarma fonunda bədənin hər yerində nöqtəvari səpgilər müşahidə edilir. Skarlatinanın ən əsas əlamətlərindən biri çiyələyəbənzər və yaxud moruğabənzər dilin olmasıdır. İnkubasion dövr əsasən 2-7 gün olur. Revmatit qızdırma verə, ən əsası qlomerulunofrit, yəni böyrək zədələnməsi halı müşahidə oluna, artrit və meningit kimi ağırlaşmalar yarana bilər. Səpgilər bitdikdən sonra əl və ayaqda dərinin soyulması müşahidə olunur. Skarlatinanın müalicəsi zamanı antibiotiklərlə yanaşı vitaminlər təyin edilir, yataq rejimi və çoxlu maye qəbulu tövsiyə olunur”.
Skarlatina xəstəliyinin əlamətləri qızılca ilə oxşardır. Həkim-pediatr onların bir-birindən fərqləndirilməsi ilə əlaqədar deyib: “Qızılcanın törədiciləri viruslar, skarlatinanınkı isə bakteriyalardır. Qızılcada səpgilər bir-birinə birləşməyə meyilli məxmərvari səpgilər, skarlatinada isə nöqtəvari olur. Skarlatinada səpgilər dodaq-burun üçbucağından başqa bədənin hər yerində, qızılcada isə bütün bədəndə olur. Skarlatina xəstələri on gündən sonra mütləq sidik analizi verməlidir ki, böyrək ağırlaşmasının qarşısı alınsın”.
Onu da qeyd etmək lazımdır ki, skarlatina yoluxucu xəstəlikdir və uşaqdan-uşağa keçə bilər.