SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASINDA
Deputat Elmira Axundova 14 maddədən ibarət yeni qanun layihəsini müzakirəyə təqdim etmişdir. Bildirilmişdir ki, hər il Azərbaycanda 4 minədək məhbus azadlığa buraxılır. Onlardan təxminən 100-150 nəfəri təkrarən cinayət törədərək həbs olunur. Ona görə də, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin əmək məşğulluğunun təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsilə cəlb olunması, zəruri hallarda şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin edilməsinə yardım göstərilməsi vacib məsələdir.
Müzakirələrdə qeyd olundu ki, belə bir qanunun qəbul edilməsi cəmiyyətin demokratik inkişaf səviyyəsinin göstəricisidir.
Qanunda deyilir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərən kriminogen amillərin qarşısının alınması da sosial adaptasiyaya daxil olan məsələlərdir.
Qanun layihəsində qadınların və uşaqların sosial adaptasiyası ayrıca maddələrlə tənzimlənir. Belə ki, cəza çəkməkdən azad edilmiş qadının 14 yaşadək uşağı varsa, onun yaşayış sahəsi və məşğulluqla təxirə salınmadan təmin edilməsi nəzərdə tutulur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar isə azadlığa buraxılandan sonra yaşayış yeri olmadıqda internat məktəblərə göndəriləcək və tam dövlət təminatına götürüləcəklər.
Sənədin təkmilləşdirilərək yenidən müzakirəyə çıxarılması məqsədəuyğun sayılmışdır.