Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Sumqayıt şəhər, Sumqayıt hərbi və Abşeron, Qubadlı, Zəngilan rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Prokurorluq əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara Ulu Öndərin həyat yolu barədə maraqlı faktlar təqdim edilib.
Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər prokuroru Mürvət Həsənov Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda çıxış edib.
Konfransda Abşeron rayon prokuroru Qabil Qasımov “Heydər Əliyev və liderlik”, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Sumqayıt şəhər prokurorunun köməkçisi Sevinc Qasımova “Heydər Əliyev və Azərbaycanda gender bərabərliyi”, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə “Heydər Əliyevdən bizə miras qalmış dəyərlər” mövzularında çıxış edib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, Sumqayıt şəhərinə diqqət və qayğısı barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları Baş Prokuror Kamran Əliyevin ideya müəllifliyi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanmış “Heydər Əliyev salnaməsi” adlı filmə baxıb.