ŞUŞANIN İŞĞAL GÜNÜ ANILMIŞDIR
Milli Məclisin deputatı Elman Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir: “Artıq on ikinci ildir ki, Şuşanın ermənilər və havadarları tərəfindən işğal olunması gününü qeyd edir, şəhidlərin xatirəsini anır, növbəti ili qələbə ili kimi doğma şəhərdə qarşılamaq ümidi ilə ayrılırıq. Prezidentimizin qətiyyətli fəaliyyəti sayəsində o gün tezliklə gələcək. İnamla bildirirəm ki, torpaqlarımızın bir qarışı da düşmən tapdağında qalmayacaqdır. Mütləq doğma yurdlarımıza qayıdacağıq. Başqa yol yoxdur. Xalqımız Ali Baş Komandanın əmri ilə silaha sarılıb ayağa qalxanda onun qarşısında heç bir düşmən tab gətirməyəcək. Mən şuşalılara səbr, şəhidlərimizə rəhmət diləyirəm”.
Şuşa ictimaiyyəti, rayon icra hakimiyyəti, Şuşa Şəhidlər, Əlillər və Veteranlar Birliyi adından Şəhidlər xiyabanında ucaldılmış abidənin önünə əklillər qoyulmuşdur.
Həmin gün Birliyin qərargahında ehsan süfrəsi açılmış, şəhid ailələrinə yataq dəsti və geyim paylanmışdır.