Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Tacikistanın Soqd vilayətinin başçısı ilə Qırğızıstan Prezidentinin Batken vilayəti üzrə nümayəndəsi arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, tərəflər sərhəd mövzusu ilə bağlı sərt bəyanatlardan qaçmaq barədə razılığa gəlib, həmçinin vətəndaşları yoxlanılmamış məlumatlara etibar etməməyə çağırıblar.
Soqd vilayəti başçısının mətbuat xidməti tərəfindən yayılan məlumata görə, görüşdə, həmçinin yaranan problemlərin danışıqlar yolu ilə həll edilməli olduğu vurğulanıb.
Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 kilometrdən çoxdur. Sovet İttifaqının süqutundan sonra orada bir sıra mübahisəli ərazi qalıb. Bu səbəbdən sərhəd rayonlarında vaxtaşırı münaqişələr, o cümlədən silahlı toqquşmalar baş verir.
Sentyabrın 15-də Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin bəyanatları əsasında 24.kg portalının dərc etdiyi məqalədə Qırğızıstan torpaqlarının Tacikistana verildiyini sübut edən “yeni sənədlərin” tapıldığı bildirilib. Məqalədə DTK sədrinin Tacikistanı ərazi iddialarından əl çəkməyə çağırdığı və əks halda Qırğızıstanın da bunu edəcəyi qeyd olunub.
Bundan sonra Qırğızıstan səfiri Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona mətbuatda gedən bəyanatlardan qarşı tərəfin narahatlığı çatdırılıb. Sərhəd mövzusu iki dövlətin prezidentləri Emoməli Rəhmon və Sadır Japarovun görüşündə də müzakirə edilib.