Tanınmış rusiyalı aktyor Naftalanın müalicəvi turizm imkanlarını təbliğ edir
Bakı, 8 aprel (AZƏRTAC). Tanınmış aktyor, Rusiya Federasiyasının Əməkdar Artisti Leonid Kanevski yenidən Azərbaycandadır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aktyor bu dəfə dünyada məşhur olan müalicəvi Naftalan neftinin təbliği ilə bağlı reklam çarxının çəkilişlərində iştirak etmişdir.
Bir həftə müddətində reklam çarxının çəkilişində olan Leonid Kanevski Azərbaycana səfərindən və gündən-günə gözəlləşən Bakını növbəti dəfə görməkdən məmnunluğunu bildirmişdir.
Məşhur aktyor hələ 1968-ci ildə populyar sovet kinokomediyası olan "Brilyant əl" filminin çəkilişi zamanı ilk dəfə Bakıda olmuşdu. Həmin filmin bəzi səhnələri paytaxtımızda - İçərişəhərdə lentə alınmışdır. Leonid Kanevski həmin ekran əsərində küçədə yıxılaraq huşunu itirən sovet turisti Semyon Qorbunkovun (məşhur aktyor Yuri Nikulin) qoluna gips (eyni zamanda qızıl və daş-qaş) qoyan kontrabandaçı rolunda çəkilmişdir. Bu dəfə isə aktyor həmin səhnəni Naftalan nefti ilə bağlı reklam çarxında oynamalı olmuşdur.
Leonid Kanevski bildirmişdir ki, məşhur kinolentdəki epizodu belə bir reklam çarxında yenidən oynamaq onun üçün çox sevindiricidir. Aktyorun sözlərinə görə, bu, sadəcə, reklam xatirinə görülən iş deyil: “Mən həqiqətən də Naftalanı çox bəyəndim və onun müalicəvi imkanlarını təbliğ etməyə razılaşdım”.
Leonid Kanevski Bakıya gəldiyi illəri xatırlayaraq şəhərimizin çox dəyişdiyini, yeni tikililərin onu valeh etdiyini, insanların qonaqpərvərliyinin isə həmin illərdəki kimi qorunub saxlanıldığını demişdir.
Sovet dövründə “İstintaqı bilicilər aparırlar” (“Sledstviye vedut znatoki”) adlı çoxseriyalı televiziya filmində mayor Tomin rolu ilə şöhrət tapan Leonid Kanevski 2006-cı ildən Rusiyanın NTV telekanalında “Sledstiye veli...” sənədli serialının aparıcısıdır. O, sənədli teleserialın növbəti bölümünün çəkilişi ilə bağlı bir neçə il əvvəl Bakıda olmuşdur.