“Təmiz Şəhər” ASC-ə beynəlxalq sertifikatlar verilib
Bakı, 17 fevral, AZƏRTAC
“Təmiz Şəhər” ASC-ə 2 müxtəlif meyarda idarəetmə sistemlərinin beynəlxalq standartlara cavab verdiyinə görə ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim olunub.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisə Avstriyanın TÜV (Texniki Nəzarət Təşkilatı) şirkəti tərəfindən bu sertifikatlara layiq görülüb.
ISO 14001 sertifikatı “Ətraf Mühiti İdarəetmə Sistemi”nin beynəlxalq tələblərə uyğunluğunu göstərir. OHSAS 18001 isə “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”nin ən yüksək standartlara cavab verməsi deməkdir. “Təmiz Şəhər” ASC-in bu sertifikatları alması qurumda ətraf mühitə və öz işçilərinə göstərdiyi diqqətdən xəbər verir.
TÜV Avstrya şirkətinin Azərbaycan təmsilçiliyi ASC-də standartlara uyğun olan və inteqrasiya edilmiş idarəetmə sisteminin adekvatlığının qiymətləndirilməsi və uyğunluğunun yoxlanılması üzrə auditlər aparıb. Həmin auditlərin nəticəsi müsbət qiymətləndirilib və “Təmiz Şəhər”ə qeyd olunan sertifikatların verilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, cəmiyyət 2013-cü ildə “Bərk məişət tullantılarının idarə edilməsi fəaliyyəti üzrə” ISO 9001 sertifikatı alıb. Bu göstərici müəssisənin məhsul və xidmətlərinin keyfiyyət standartlarına cavab verdiyini bildirir.