Turizm sərgisində işğal altında olan ərazilərimizə səfərlərin təbliğinin qarşısı alınmışdır
Brüssel, 24 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Belçikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfirlik yanvarın 24-dən 29-dək Belçikanın Antverpen şəhərində keçirilən “Flandriyanın beynəlxalq tətil yarmarkası” adlı turizm sərgisində iştirak edən agentliklərdən birinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlər təşkil etdiyini müəyyənləşdirmişdir.
“Sovjet Reizen” adlı bu turizm agentliyi keçmiş sovet ölkələrinə turist səyahətlərinin təşkili ilə məşğuldur. Son bir il ərzində agentlik ölkəmizə də turist səfərlərinin təşkilini həyata keçirmişdir. Agentliyin internet səhifəsində (www.sovjetreizen.be) Ermənistana səyahətlər sırasında ölkəmizin Dağlıq Qarabağ bölgəsinə də səfərlərin təşkil edildiyi əks olunmuşdu.
Məsələ ilə əlaqədar agentliklə dərhal əlaqə saxlanılmış, qurumun rəhbərinə müvafiq izahedici məktub ünvanlanmışdır. Məktubda qarşı tərəfə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğal olunduğu, bu bölgələrin Azərbaycanın tərkib hissəsini təşkil etdiyi və BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu birmənalı mövqe barədə məlumat verilmişdir. Məsələnin beynəlxalq hüquqi tərəfləri ilə yanaşı, təhlükəsizlik baxımından işğal olunmuş bölgələrə səfər edilməsinin təhlükəli olduğu və Belçika Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində bu barədə Belçika vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunmuşdur. Eyni zamanda, turizm agentliyinin diqqətinə ölkəmizin işğal olunmuş bölgəsinə Azərbaycan hökumətinin razılığı olmadan edilən səfərlərə münasibətdə tutduğu mövqe açıqlanmış və bu səfərlər təşkil ediləcəyi təqdirdə, ölkəmizlə mövcud olan əməkdaşlığa son qoyulmaqla yanaşı, agentliyin işçilərinin “ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısı”na daxil ediləcəyi bildirilmişdir.
Agentliyin rəhbərliyi tərəfindən verilən açıqlamaya görə, bu səfər münaqişə ilə bağlı onlarda olan məlumatsızlıqdan irəli gəlmişdir.
Görülmüş tədbirlər nəticəsində bu təxribatçı addımın qarşısı alınmış və işğal altında olan ərazilərimizə turizm səfərlərinin təbliğinin qarşısı alınmışdır.
Yanvarın 23-də agentliyin internet səhifəsindən Dağlıq Qarabağa səfərlərlə bağlı məlumat çıxarılmış və həmin gün səfirliyin əməkdaşlarının və diaspor təşkilatlarımızın nümayəndələrinin iştirakı ilə agentliyin əvvəlcədən nəşr etdirdiyi 1000-ə yaxın kitabçadan ölkəmizin bu bölgəsinə səfərlərlə bağlı məlumat silinmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel