ELM VƏ TƏHSİL
“Türkologiya” jurnalının yeni nömrəsi işıq üzü görüb
![“Türkologiya” jurnalının yeni nömrəsi işıq üzü görüb](/files/2021/2/1200x630/162512482640757170_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 1-ci nömrəsi (2021) nəşr olunub.
Bu barədə AZƏRTAC-a jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov məlumat verib. Bildirilib ki, nəşrin bu nömrəsində türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. Jurnalda, həmçinin İmre Paçainin “Macar dilinin qafiyəli təkrirlərində türk təsirinin əksi”, Xalidə Metenin “Ümumtürk dastanlarında “qırx ərən”, “at” və “silah” motivləri”, akademik Möhsün Nağısoylunun “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla xüsusiyyətləri” sərlövhəli məqalələri olmaqla bir çox orijinal araşdırmalara yer verilib.
Bundan əlavə, nəşrdə klassik irs, dilçilik, ədəbiyyat və folklor, yazılı abidələr, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstanın elmi mərkəzlərindən göndərilmiş maraqlı elmi araşdırmalar yer alıb. “Elmi həyat”, “Resenziyalar”, “Personalia” və “Nekroloqlar” rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar verilib.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 2 dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.