Ukrayna telekanallarının efirində Ukrayna Azərbaycanlı Gənclər İttifaqının videomüraciəti səslənir
Bakı, 9 aprel (AZƏRTAC). Ukraynanın Birinci Milli Telekanalı ölkənin digər televiziya kanalları ilə bərabər Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (AAGİ) “Biz fərqliyik, amma birik” videomüraciətini yaymışdır.
AZƏRTAC AAGİ-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, diktor Ukraynada doğulub boya-başa çatmış və ölkə cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmiş gənc azərbaycanlıların Ukrayna xalqı ilə həmrəy olması barədə məlumat vermişdir. Öz köklərini, mədəniyyətini, dilini qoruyub saxlayan Ukraynanın azərbaycanlı gəncləri Azərbaycan torpaqlarının işğal olunduğunu unutmurlar.
AAGİ-nin vitse-prezidenti və layihənin müəllifi İlhamə Allahverdiyeva demişdir: “Bizim ölkələri müstəqilliyə aparan məşəqqətli yol, dostluq münasibətləri, iki xalqın yüksək səviyyədə tolerantlığı, qonaqpərvərliyi, mehribanlığı və səmimiliyi ilə bərabər, həm də suveren dövlətlərin ərazilərinin işğal edilməsi kimi kədərli fakt birləşdirir. Azərbaycan hələ də ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalı faktını yaşayır. Ukrayna ərazisinin bir hissəsinin (Krım yarımadası) artıq işğal altında olması kimi qorxunc hadisənin şahidi olmaq bizim üçün çox ağırdır.
Ukraynanın çox ağır tarixi dövr yaşadığı, daxili parçalanmanın labüd olduğu, ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birbaşa təhlükə altında olduğu bir vaxtda bizlər, Ukraynanın azərbaycanlı mənşəli gənc vətəndaşları ümumi fəlakətimizə biganə qala bilmərik”.
Ukrayna Azərbaycanlı Gənclər İttifaqı bütün Ukrayna vətəndaşlarına müraciət edərək, onları milli mənşəyindən, dini mənsubiyyətindən, siyasi rəğbətindən və ünsiyyət dilindən asılı olmayaraq, bütün səylərini vahid Ukrayna ətrafında birləşdirməyə çağırırıq.