“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda görüş təşkil olunub
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində elm adamlarının və tanınmış ziyalıların iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda görüş təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir.
Professor Misir Mərdanov, ictimai-siyasi xadim Şahlar Əsgərov, Azərbaycanın Əməkdar dövlət və elm xadimi Sudeyif İmamverdiyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə ətraflı danışaraq onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.
Vurğulanıb ki, bu gün ölkəmizdə və onun hüdudlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaq.