Ulu Öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk olunub
Gəncə, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı, Milli Məclisin deputatı Aqil Məmmədovun təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mərkəzdə yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendə baxış keçiriblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlərindən bəhs edərək, Ulu Öndərin bütün ömrünü xalqımızın rifahı, onun zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətinə həsr etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Aqil Məmmədov Ulu Öndərin adının xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edildiyini bildirib. Qeyd edib ki, müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Ümummilli Liderimiz xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması xalqımızın öz Ümummilli Liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir.
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Elman Mövsümov, Gəncə Dövlət Universitetinin müəllimi Gülüstan Fərəcova çıxış edərək, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizin tarixində Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin, görkəmli dövlət xadiminin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğundan bəhs ediblər. Bildirilib ki, gələcək nəsillər də dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılan yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərindən faydalanacaqlar.
Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək deyib ki, Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxaran, onun mövcudluğunu əbədi edən, qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunan dahi lider, ideal rəhbər, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlət başçısının Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı milli qürur və iftixar mənbəyimiz olan Dahi Liderin zəngin və çoxşaxəli siyasi irsini yenidən öyrənmək, tədqiq etmək istəyənlər üçün də böyük əhəmiyyətə malikdir.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin Kəlbəcər və kəlbəcərlilər haqqında söylədiyi fikirlərini əks etdirən videoçarx nümayiş olunub.