Ulu Öndərin anadan olmasının 92-ci ildönümü Təbrizdə geniş qeyd edilib
Təbriz, 9 may, AZƏRTAC
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.
Baş konsul Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyevin şəxsiyyəti, həyat və fəaliyyəti, onun Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə olunması, dövlət müstəqilliyinin qorunub saxlanması sahəsində göstərdiyi misilsiz xidmətlər haqqında danışıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət nəticəsində Azərbaycan bu gün uğurla inkişaf edir. Baş konsul müasir Azərbaycan-İran əlaqələrinin də əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, bu əlaqələrin hazırda qarşılıqlı dostluq və əməkdaşlıq meyarları üzərində davam etdiyini vurğulayıb.
Sonra rəsmi qəbulun iştirakçıları ulu öndər Heydər Əliyevə aid fotosərgiyə və “Dahi şəxsiyyət” adlı sənədli filmə baxıb, Ümummilli Liderin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə, ölkəmizin turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olublar. Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş müxtəlif məzmunlu əyani materiallar, eləcə də Azərbaycan həqiqətləri ilə bağlı bir sıra kitab və jurnallar tədbir iştirakçılarına paylanıb.
Rəsmi qəbul mədəni proqramla davam edib.
Qəbulda İran İslam Respublikasının Təbriz şəhərinin meri R.Şöhrətifər, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər meriyasının rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz