Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir təşkil olunub.
Səbail rayon Gənclər və İdman İdarəsindən (Gİİ) AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxışçılar Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildiriblər. Natiqlər işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu xüsusi qeyd edərək bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri ilə başa çatması barədə geniş danışıblar.
Tədbir müzakirələrlə davam edib, gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.