Vilnüsdə dörd nəfər litvalı bir həftəlik Azərbaycana səyahət ilə mükafatlandırılmışdır
Vilnüs, 28 dekabr (AZƏRTAC). Azərbaycanın Litvadakı səfirliyi respublikamızın bu ölkədə daha geniş tanınması istiqamətində silsilə tədbirlərin keçirilməsi ənənəsini davam etdirir.
Azərbaycanın Litvadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Litva turizminin 20 illiyinə həsr olunmuş ilin yekun təqdimatında Azərbaycan, sözün əsl mənasında, öz dəst-xətti ilə seçilmişdir. Baltik dövlətlərində yayımlanan nüfuzlu televiziya kanallarından olan Baltik Televiziyasının (BTV) canlı efirində Litva Dövlət Turizm Departamentinin təşkilatçılığı ilə ölkə turizminin 20 illiyi təntənəli şəkildə qeyd edilmişdir.
Ümumilikdə 500 nəfərin iştirak etdiyi 4 saatlıq canlı efir zamanı turizm sahəsində fəaliyyət göstərən ən yaxşı yerli və xarici qurumlar mükafatlandırılmışlar.
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbir iştirakçılarına video müraciəti səslənmiş, Azərbaycan və Litva arasında təşəkkül tapmış dostluq əlaqələrinin hər bir sahəni, həmçinin turizm sektorunu da əhatə etdiyi xüsusilə vurğulanmışdır.
Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsində Litva Azərbaycan təmsilçisinə ən yüksək-12 bal vermişdir. Müsabiqədən sonra təmsilçimiz Səbinə Babayeva Litva ictimaiyyətinə təşəkkürünü bildirmiş və ilk fürsətdə dost ölkəyə gələcəyini vəd etmişdi.
Bu görüntülərin nümayişindən sonra səhnəyə çıxan müğənni Səbinə Babayeva musiqi nömrəsi ilə iştirakçıları təbrik etmiş, qarşılıqlı dəstəyin ənənəyə çevriləcəyinə əminliyini bildirmişdir.
Həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və səfirliyimizin iştirakçılara xüsusi hədiyyəsi səfir Həsən Məmmədzadə tərəfindən sürpriz olaraq təqdim edilmişdir. Turizm sahəsində fəaliyyət göstərən 4 nəfər Azərbaycana bir həftəliyinə səyahət ilə mükafatlandırılmışdır.
Bir növ “Turizm Oskar”ı olan bu tədbir Litvada ən yüksək reytinqli televiziya proqramları arasında yer almışdır.
Nigar Hüseynova
AZƏRTACın xüsusi müxbiri
Vilnüs