Vüsal Rüstəmov: Marşallarımız həyəcanla yarış həftəsini gözləyirlər
Bakı, 25 iyul, AZƏRTAC
Bu il Azərbaycanda keçirilən 10-cu Formula 1 yarışı olacaq. Hər il olduğu kimi biz yanğınsöndürən marşallarla Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlimlər təşkil edirik. Günün birinci hissəsində sinif otaqlarında nəzəri, günün ikinci hissəsində isə praktiki məşğələlər keçirilir. Praktiki hissədə süni yanğın törədilir və onun söndürülməsi üçün balonlardan istifadə edirik. Təlimlərdə istifadə edilən üç növ yanğınsöndürən balonun hansının daha effektiv olduğunu nümayiş etdiririk. Bizim əsas silahımız köpükdür və marşallar hansı balonun daha effektiv olduğunu öyrənirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Halqası yanğınsöndürmə komandasının rəhbəri Vüsal Rüstəmov deyib.
“İyul ayından etibarən nəzəri və praktiki məşğələlər başlanılıb və yarış həftəsinə hazırlaşırıq. Bu il bildiyiniz kimi Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24-dən 26-dək olacaq. Biz tədbirə tam hazırıq. Marşallarımız da həyəcanla yarış həftəsini gözləyirlər", - deyə V.Rüstəmov bildirib.