VYANADA TÜRK DÜNYASININ BÖYÜK DOSTU ERİX FAYQLLA VİDA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 5-də Vyananın Simmerinq qəbiristanının dəfn salonunda Vyana Universitetinin professoru, türk tarixinin tanınmış tədqiqatçılarından biri, Avropa Azərbaycanlıları Konqresi İdarə heyətinin fəxri üzvü Erix Fayqlla vida mərasimi keçirilmişdir. Ölkəmizin Avstriyadakı səfirliyinin köməyi ilə təşkil olunmuş mərasimdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın və Türkiyənin Vyanadakı səfirləri Fuad İsmayılov, Səlim Yenel, Avstriya Prezidenti Aparatının nümayəndəsi Haynts Hafner, bu ölkədəki dini qurumların, qeyri-hökumət təşkilatlarının, diaspor təşkilatlarının nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları və dostları iştirak etmişlər.
Mərasimə toplaşanlar mərhumun qohumlarına və onun oğulluğa götürdüyü azərbaycanlı tələbə Elgünə başsağlığı vermişlər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə fevralın 6-da Frankfurtda Erix Fayqlın xatirəsini anma mərasimi keçirilmişdir.
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Avropa Azərbaycanlıları Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Avropa Türk İş Adamları Birliyinin sədri Musa Çələbi, Mayns Azərbaycan Cəmiyyətinin üzvləri, Höte İnstitutunun və Mayns Universitetinin tarixçi alimləri, türk və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Almaniyada təhsil alan azərbaycanlı və türk tələbələr Erix Fayqlın şəxsiyyətinə ehtiram əlaməti olaraq, mərhumun xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Anma mərasimində çıxış edən Valeh Hacıyev, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və digərləri Erix Fayqlın geniş elmi və ictimai fəaliyyətindən danışmış, onun tarixi həqiqətləri olduğu kimi şərh edən alim kimi mərdliyindən və qətiyyətindən danışmışlar. Erix Fayql vicdanlı elmi araşdırmalarının nəticələrinə əsaslanaraq, bütün dünyaya sübut etmişdir ki, tarixdə “erməni soyqırımı” olmayıb, əksinə, əsl soyqırımını tarix boyu ermənilər türklərə və azərbaycanlılara qarşı törətmişlər. Xüsusilə vurğulanmışdır ki, Erix Fayql bütün həyatı boyu tədqiqatlarında erməni millətçilərinin çirkin niyyətlərini, uydurma tarixlərini, həyasız “soyqırımı” uydurmalarını təkzibedilməz elmi dəlillərlə ifşa etmişdir.
Fevralın 10-da isə müqəddəs Avqust kilsəsində ibadət mərasimi keçiriləcəkdir. Mərasimdə Azərbaycanın və Türkiyənin Vyanadakı səfirləri, E.Fayqlın yaxın qohumları, dostları və həmkarları, Azərbaycan və türk icmalarının nümayəndələri, dövlət və hökumət üzvləri iştirak edəcəklər.
Avstriya-Macarıstan İmperiyasının sonuncu imperatoru I Karlın nəvəsi Karl Fon Habsburq mərasimdə çıxış edəcəkdir.