Xaçmazda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub
Xaçmaz, 2 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda 2 İyul - Azərbaycan Polisi Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Polis Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Azərbaycan Polisi yarandığı gündən indiyədək şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi islahatların nəticəsi olaraq, Azərbaycan Polisi peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanları, o cümlədən Azərbaycan Polisi insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polisi Günü kimi qeyd olunur.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov qeyd edib ki, bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri, eyni zamanda, güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır.
Digər çıxış edən yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də şəxsi heyəti təbrik edib, onlara cinayətkarlığa qarşı mübarizə sahəsində, hüquq qaydalarının və qanunun aliliyinin qorunması işində uğurlar arzulayıb.
Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.