Xalqımız qəhrəman Vətən oğulları ilə hər zaman fəxr edir
Şəki, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyini, mübarizliyini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. Xalqımız qəhrəman Vətən oğulları ilə hər zaman fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində keçirilən “Şanlı Qələbəni qanları ilə qazanan qəhrəmanlar” adlı tədbirdə səsləndirilib.
Şəki Regional Mədəniyyət İdarəsi, Şəki “ASAN Həyat” kompleksi və şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, bu Qələbənin qazanılmasında böyük rolu olan əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıblar.
Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin “Buta” ansamblının ifasında musiqi nömrələri təqdim olunub, “ASAN Həyat” kompleksinin könüllülərinin və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrı üzvlərinin hazırladığı səhnəciklər nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda tədbirin təşkilatçılarına və kollektivlərin üzvlərinə təşəkkürnamələr təqdim olunub.