Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üçüncü geniş iclası keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üçüncü geniş iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət qurumlarının və respublikamızda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkəmizin aparıcı turizm şirkətlərinin və biznes qurumlarının təmsilçiləri iştirak etmişlər.
“Azərbaycanda turizm sahəsinin inkişafı” mövzusunda keçirilən iclası Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti və baş icraçı direktoru Telman Əliyev açaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat vermişdir.
T.Əliyev bildirmişdir ki, 2002-ci ilin iyun ayında yaradılmış klubun əsas məqsədlərinə özəl sektorlarla dövlət qurumları arasında dialoqların yaradılması, kiçik və orta sahibkarlığın dəstəyi, neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunması və digər məsələlər daxildir.
CEİBC-nin prezidenti demişdir ki, turizm sahəsinə həsr olunan üçüncü tədbirin keçirilməsinin məqsədi bu sahədə mövcud problemlərin dövlət qurumlarının diqqətinə çatdırılması və turizm şirkətləri tərəfindən irəli sürülmüş təkliflərin müzakirə olunmasıdır.
Tədbirdə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi elmi-mədəni mərkəzi turizm şöbəsi müdirinin müavini Nəcəf Quliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iştirakı ilə müxtəlif mövzularda tədbirlər keçirilməsinin artıq ənənə halını aldığını, turizm sahəsində mövcud problemlərin müzakirə edilməsinə yönəlmiş mərasimin bu sıradan biri olduğunu qeyd etmişlər.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko təmsil etdiyi ölkənin turizm şirkətlərinin respublikamızın turizm potensialının inkişafına diqqət yetirdiyini bildirmişdir. Səfir Ukraynanın Azərbaycan ilə digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev ölkəmizdə turizm sahəsinin inkişafından danışmışdır. Turizmin respublikamızda son 6-7 ildə inkişaf etməyə başlayan gənc bir sahə olduğunu vurğulayan A.İsmiyev, qısa müddətdə böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırmışdır.
Nazirlik rəsmisi qeyd etmişdir ki, 2006-cı ildə ölkə üzrə mehmanxanaların ümumi sayı 288 olduğu halda, hazırda bu rəqəm 508-ə çatmışdır.
Mehmanxanalardakı qiymətlərin rəqabətdən asılı olduğunu deyən natiq, bu obyektlərdə qiymətlərinin tənzimlənməsinin onların sayının çoxluğundan asılı olduğunu söyləmişdir.
Görüşdə mövzu ilə bağlı suallar cavablandırılmışdır.
İclasda ölkəmizdə turizm sahəsindəki mövcud problemlər üzrə müzakirələr aparılmış, müvafiq təkliflər səsləndirilmişdir.
Sonda Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyevə və Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova CEİBC-nin fəxri üzvü diplomları təqdim edilmişdir.