CƏMİYYƏT
Xəzər rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızıl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.