Xocalı faciəsi qurbanlarının xatirəsi Braziliyada anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə portuqal dilində nəşr edilmiş, ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus “Xocalı. 22 il. 10 hekayə, bunlar gerçək ola bilərdi” adlı kitabın təqdimatı olmuşdur.
Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Elnur Sultanov kitabı qonaqlara təqdim edərək bu nəşrin Xocalı faciəsi qurbanlarına həsr edildiyini və soyqırımı dəhşətlərinin çox təsirli şəkildə oxucuya çatdırılması nöqteyi-nəzərindən dəyərli olduğunu söyləmişdir. O, son 5 ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat vermiş, artıq Braziliyada da müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir. Xocalı faciəsinin acı gerçəkləri haqqında danışan səfir Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulamışdır.
Tədbirin sonunda Azərbaycan rəssamlarının Xocalı faciəsi ilə bağlı çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, qonaqlara soyqırımından bəhs edən materiallar paylanmışdır.
Tədbirdə Braziliya parlamentinin üzvləri, diplomatlar, elmi dairələrin və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.