XOCALI FACİƏSİ “XOCALI HARAYI” KİTABININ SƏHİFƏLƏRİNDƏ
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Dadaş Məmmədovun “Xocalı harayı” kitabının təqdimat mərasimi keçirilmişdir.
Muzeyin direktoru İsrafil İsrafilov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov və başqaları bildirmişlər ki, kitab mərhum rejissor-rəssam Nazim Məmmədovun Xocalı faciəsinin onilliyinə həsr etdiyi əsərləri əhatə edir. 2002-ci ildə açılmış sərgidə rəssam ictimaiyyətə təqdim etdiyi 40-a yaxın rəngkarlıq və qrafika əsərini Dövlət İncəsənət Muzeyinə hədiyyə etmişdir.
N.Məmmədovun mənalı ömür yolundan danışan natiqlər bildirmişlər ki, Bakıda dünyaya göz açan sənətkar qədim şəhərin bənzərsiz memarlığını, Xəzərin qumlu sahillərini özünə ilk və heyrətamiz gözəllik qaynağı hesab etmişdir.
Bildirilmişdir ki, rəssamın Xocalı mövzusuna həsr olunmuş yaradıcılığı on ili əhatə edir. Faciənin baş verdiyi andan ömrünün sonuna qədər Xocalı dəhşətləri onun üçün sənət yanğısını ifadə edən əsas mövzuya çevrilmişdir. Rəssam öz fərdi üslubuna sadiq qalaraq, özünəməxsus bədii ifadə vasitələri ilə Xocalı faciəsinin ən müxtəlif məqamlarını təsirli bədii əsərlərə çevirmişdir.
Tədbirdə çıxış edən N.Məmmədovun oğlu, kitabın müəllifi Dadaş Məmmədov vurğulamışdır ki, ermənilərin Xocalıda törətdikləri dəhşətli faciə daim atasını narahat etmiş və o, əsl vətənpərvər sənətkar kimi fırçasının “dili” ilə bu dəhşətləri gələcək nəsillərə çatdırmağa çalışmışdır.
Nəfis tərtibatlı “Xocalı harayı” kitabında N.Məmmədovun faciə qurbanlarına həsr etdiyi rəsmlər və onlara müəllif tərəfindən yazılmış şərhlər yer almışdır.