XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ AĞCABƏDİDƏ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD EDİLMİŞDİR
Ağcabədi, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 18-ci ildönümü Ağcabədi rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir. Bütün müəssisə və təşkilatlarda, təhsil müəssisələrində, əmək kollektivlərində yığıncaqlar keçirilmiş, sərgi və guşələr təşkil olunmuş, faciə qurbanlarının xatirəsi anılmışdır.
Soyqırımın ildönümü münasibətilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Ağcabədi filialında keçirilmiş tədbirdə filialın direktoru professor Xaqani Məmmədov, müəllim və tələbələr çıxış edərək qanlı faciə barədə danışmış, Xocalıda törədilənləri bəşəriyyətə qarşı ən amansız cinayət adlandırmışlar.
Ağcabədi pedaqoji texnikumunda keçirilən mərasimdə rayon İcra hakimiyyətinin şöbə müdiri Rahilə Şükürova və texnikumun müəllimləri çıxış edərək erməni silahlılarının keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmışlar.
Tədbirdə tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya, faciəyə həsr olunmuş film göstərilmişdir.
Fevralın 26-da Ağcabədi şəhərində ümumrayon tədbiri keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Tədbir Qarabağ muğam mərkəzində davam etdirilmişdir. Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Xocalıdan olan şəhid ailələrinə rayon İcra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.