XOCALI HAQQINDA HƏQİQƏTLƏR
Xırdalan, 26 fevral (AZƏRTAC). Xırdalan Mədəniyyət Evində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları mədəniyyət evinin foyesində gənc rəssamların işlərindən ibarət təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Sərgidəki bütün əsərlər Xocalı faciəsinə həsr edilmişdi.
Salona toplaşanlar Xocalı faciəsinin qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ekranda bəşəriyyət əleyhinə ən amansız və kütləvi terror aktlarından birini əks etdirən sənədli kadrlar bir-birini əvəz etmişdir. 1992-ci il fevralın 26-da, bir gecədə Xocalı tamamilə məhv edilmiş, yerlə-yeksan olunmuş şəhərlər siyahısına düşmüşdür. Erməni cəlladlar onilliklər boyu eyni bir ölkədə, onlarla mehriban şəraitdə yaşamış insanları, o cümlədən heç bir günahı olmayan uşaqları, qadınları və qocaları amansızcasına güllələmişlər.
“Həqiqətin özü” adlı tarixi-publisistik sənədli film insanı dəhşətə gətirən, ermənilərin vəhşiliklərini əks etdirən xronika kadrlarını əvəz etmişdir. Bu filmdə daşnakların təcavüzkar siyasətinin motivlərindən və nəticələrindən bəhs edilir. Göstərilir ki, onlar iki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə cinayət törətmişlər. Xocalı faciəsi də erməni millətçilərinin və onların havadarlarının xaqımıza qarşı yeritdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, bu siyasətin daha bir qanlı səhifəsi olmuşdur. Filmdə tarixi materiallardan istifadə edilmiş, ölkə Prezidenti İlham Əliyevin çıxışı filmə daxil edilmişdir. Həmin çıxışda dəqiq göstərilir ki, Azərbaycan xalqı Qarabağın ilhaq edilməsi ilə heç vaxt razılaşmayacaq və lazım gələrsə, əlinə silah götürərək öz əzəli torpaqlarını xilas edəcəkdir.
Anım mərasimində Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edirdi.