XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ TÜRKMƏNİSTANDA ANILMIŞDIR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə bu ölkədə yaşayan soydaşlarımız, ictimaiyyət nümayəndələri, Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Vəhdət Sultanzadə çıxış edərək, erməni işğalçıları tərəfindən Xocalı şəhərinin müdafiəçiləri və dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, azərbaycanlılara qarşı planlı şəkildə və davamlı olaraq soyqırımı həyata keçirən ermənilərin Xocalı şəhərində qətlə yetirdikləri, əsir götürdükləri sakinlər arasında çoxlu sayda uşaqlar, qadınlar və qocalar var idi. Ermənilər qətlə yetirilənlərin cəsədlərini təhqir etmiş, əsir və girovlara misli görünməmiş, insanlığa sığmayan işgəncələr vermişlər.
Çıxış edən digər natiqlər xocalılılara qarşı ermənilərin törətdikləri hadisəni vəhşiliyinə və qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən ən dəhşətlisi olduğunu qeyd etmiş, bu soyqırımına indiyədək dünya ictimaiyyətinin soyuqqanlı münasibətindən, hüquqi qiymət verilmədiyindən təəssüfləndiklərini bildirmiş, Xocalı hadisəsinin və eləcə də ermənilərin digər vəhşiliklərinin beynəlxalq aləmə düzgün çatdırılması üçün səylərin artırılmasının vacibliyini vurğulamışlar.
V.Sultanzadə İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bunun beynəlxalq ictimaiyyət tərəfindən ermənilərin Xocalıda törətdikləri dəhşətli əməllərə bəşəriyyət əleyhinə cinayət kimi hüquqi-siyasi qiymət verilməsi məqsədi ilə atılmış mühüm addım olduğunu bildirmişdir.
Səfirliyin birinci katibi A.Paşayev tədbir iştirakçılarını “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yaradılmış www.justiceforkhojaly.org veb-səhifəsi ilə tanış etmiş, cari ildə də dünya dövlətlərinin liderlərinə və beynəlxalq təşkilatlara müraciətin ünvanlandığını vurğulamış, tədbir iştirakçılarını, eləcə də onların yaxınlarını bu təşəbbüsə qoşulmağa çağırmışdır.
Anım mərasimi ilə əlaqədar səfirliyin zalında Xocalı faciəsini əks etdirən kitab və şəkillərdən ibarət xüsusi guşə hazırlanmış, Xocalı soyqırımı və erməni terrorunu əks etdirən CD-lər, o cümlədən “Dua” və “Qaçqınlar” adlı sənədli filmlər nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən CD-lər, kitablar və broşürlər, habelə səfirlik tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş və türkmən dilində nəşr edilmiş “Bəşəriyyət əleyhinə cinayət” adlı kitab paylanmışdır.
Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən mətbuat məlumatı yayılmış və səfirliyin veb-səhifəsində yerləşdirilmişdir.