İQTİSADİYYAT
Yay mövsümündə Budapeşt-Bakı birbaşa aviareysinin açılışı planlaşdırılır
Bakı, 7 aprel (AZƏRTAC). Macarıstanın milli korporasiyası olan “Macarıstan Turizm” QSC-nin əsas məqsədi ölkənin turizm potensialını xaricdə təbliğ etməkdir. Korporasiyanın Moskva şəhərində yerləşən ofisinə bu il yanvarın 1-dən Macarıstanın turizm məhsullarını Azərbaycan, Qazaxıstan, Özbəkistan və Belarusda təşviq etmək tapşırığı verilmişdir.
“AITF-2013” sərgisinin iştirakçısı olan “Macarıstan Turizm” QSC-nin nümayəndəsi, turizm üzrə məsləhətçi Mixay Aranoşşi AZƏRTAC-a bildirmişdir ki, bu istiqamətdə Azərbaycanda ilk addım sərgidə ilk dəfə iştirakımız oldu. Sərgidə iştirak barədə qərar mənim keçən il keçirilən sərgini ziyarət etməyimdən sonra qəbul olunmuşdur. Həmin sərgi mənə turizm sahəsində yüksək səviyyəli işgüzar forum təəssüratı bəxş etmişdi. Stendimizdə 4 turoperator, 1 mehmanxana şəbəkəsi, 2 otel və “Wizz Air” aviaşirkəti təqdim olunur.
Artıq bu gün Azərbaycan vətəndaşlarını Macarıstanla tanış etmək və yerli turoperatorlarla əməkdaşlıq yaratmaq üçün biz “AITF-2013” sərgisində 4 əsas turizm məhsulunu təqdim edirik. Bunlara ölkənin paytaxtı Budapeşt, Avropanın ən böyük göllərindən biri - Balaton gölündə istirahət, işgüzar turizmin təşkil olunması (MICE - iclaslar, həvəsləndirici tədbirlər, konfranslar və sərgilər) və Macarıstanda müalicəvi-sağlamlaşdırıcı turizm daxildir.
Qeyd etmək istəyirəm ki, bu ilin yay mövsümündə həftədə iki dəfə təşkil olunacaq Budapeşt-Bakı birbaşa aviareysinin açılışı planlaşdırılır. Bu layihənin reallaşması ölkələrimiz arasında qarşılıqlı fəal turist mübadiləsi üçün nadir imkanlar yaradacaqdır.
Biz sərginin gedişindən çox razıyıq və ölkəmizə olan maraq böyükdür. Milli stendin bütün iştirakçıları yerli şirkətlərlə mühüm danışıqlar aparmış və müqavilələr imzalamışlar. “AITF-2013” sərgisi Azərbaycanla əməkdaşlığın genişləndirilməsi baxımından bizim üçün başlanğıc nöqtəsidir. Stendimizdə təqdim olunan bütün şirkətlər artıq gələn il keçiriləcək sərgidə iştirak etmək istədiklərini bildirmişlər. Düşünürəm ki, Macarıstan “AITF-2014” sərgisində daha geniş şəkildə təmsil olunacaqdır.