REGİONLAR
Yevlaxda qanvermə aksiyası keçirilib
Yevlax, 28 noyabr, AZƏRTAC
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb müəssisəsi tərəfindən qanvermə aksiyası keçirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin təşkilatçılığı ilə keçirilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donordan sağlamlığı müəyyənləşdirildikdən sonra qan götürülüb. Qanvermə aksiyasında 100 nəfərə yaxın rayon sakini könüllü iştirak edib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil verilib.