Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xoca” bədii filminin nümayişi təşkil edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycanın Yunanıstandakı səfirliyi Afinanın mərkəzi kinoteatrlarından birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xoca” bədii filminin nümayişini təşkil etmişdir.
Azərbaycanın Yunanıstandakı diplomatik missiyasından AZƏRTAC-a bildirmişlər ki, baxışda iştirak edən Yunanıstan parlamentinin deputatları, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, elmi ictimaiyyətin nümayəndələri, jurnalistlər, Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin fəalları, səfirliyin qonaqları və Afina sakinləri Azərbaycan tarixinin bu faciəli səhifəsinə biganə qalmamışlar.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev filmin nümayişindən əvvəl çıxış edərək bildirmişdir ki, Azərbaycan kinosu Yunanıstana və onun paytaxtı Afinaya ilk dəfə gəlmir. O demişdir: “Biz ötən illərin kinofestivallarında uğurla iştirak etmişik, lakin bu gün qeyri-adi kino nümayiş etdiririk. Hər il fevralın 26-da müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri - Xocalı faciəsi qeyd olunur. Erməni silahlı qüvvələri 22 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı yaşayış məntəqəsinə hücum edərək, dinc sakinlərə qarşı kütləvi cinayət törətmişlər. Nəticədə 600-dən çox adam, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilmişdir”.
Səfir vurğulamışdır: “Azərbaycan İkinci dünya müharibəsi dövründə 300 mindən çox adam itirmişdir. Lakin xalqımız ermənilərin Xocalıda törətdikləri vəhşilikləri hətta faşistlərdən də görməmişdir”.
Rəhman Mustafayev demişdir: “Bugünkü film həmin faciəli hadisələrə həsr olunmuşdur. Bu film soyqırımı qurbanlarının xatirəsinə ehtiramın əlamətidir. Belə faciələri xatırlamasaq, barəsində açıq danışmasaq, günahkarları məsuliyyətə cəlb etməsək, onlar təkrarlanacaqdır. Bununla əlaqədar olaraq, Xocalı haqqında həqiqəti Yunanıstan cəmiyyətinə çatdırmaqda bizə kömək edən yunan dostlarımıza, jurnalistlərə, siyasətçilərə, sadə insanlara ayrıca təşəkkürümü bildirmək istəyirəm”.