Zahid Cəfərov: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası xüsusi əhəmiyyətə malikdir
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Qərbi Azərbaycan məsələsi ölkəmizin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Dövlətimizin başçısının AMEA-nın 80 illik yubileyində etdiyi çıxışında dilçilər, tarixçilər və hüquqşünaslar qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyuldu. Bir daha vurğulamaq istəyirəm ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası dövlətçiliyimizin əsas prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O deyib ki, soyqırımı cinayətlərinin qarşısının alınması və günahkarların cəzalandırılması haqqında 1948-ci il dekabrın 9-da qəbul edilmiş Konvensiyasının ikinci maddəsi kontekstində Qərbi azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət milli zəmində və məhvetmə niyyəti üzərində qurulduğu üçün soyqırımı adlandırılmalıdır.
Zahid Cəfərov əlavə edib ki, soyqırımı anlayışı geniş məzmun daşıyır və yalnız fiziki deyil, eyni zamanda, mənəvi məhvetmə, yəni mədəni soyqırımı da özündə ehtiva edir. “Qeyd etmək lazımdır ki, Konvensiyanın ilkin layihəsində mədəni soyqırımı aspekti birbaşa nəzərə alınmasa da, sonrakı genişləndirici təfsirlər bu məqamı cinayətin tərkib hissəsi kimi qəbul edib. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irs nümunələrinin, abidələrin, tarixi toponimlərin məhv edilməsi və dəyişdirilməsi, həmçinin Azərbaycanın milli-mədəni irsinin mənimsənilməsi - bütün bunlar mədəni soyqırımın bariz nümunələridir. Ermənilər Qərbi Azərbaycanda bu əlamətlərin demək olar ki, hamısını həyata keçiriblər. Tarixi abidələrimizin dağıdılması, onların bünövrəsinədək sökülməsi, toponimlərimizin dəyişdirilməsi, maddi və qeyri-maddi irsimizin mənimsənilməsi bunun açıq göstəricisidir. Məsələn, İrəvanda yerləşən bir sıra qədim Azərbaycan abidələrinin bu gün başqa xalqlara məxsus kimi təqdim edilməsi bu prosesin davamıdır”, - deyə professor vurğulayıb.