Ziya Zakir Acar: Ulu Öndərlə ünsiyyətdə olmaq həyatımın ən unudulmaz səhifələrindən biridir
Ankara, 1 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin natiqlik qabiliyyəti, ətrafındakı insanlara göstərdiyi diqqət insanda heyrət yaradırdı. Mən Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyəyə birləşdirən “Ümid” körpüsünün açılışında bütün bunların şahidi olmuşam. Bu körpünün tikintisinin gündəmə gətirilməsi təkcə uzaqgörənlik deyil, eyni zamanda vətənsevərliyin, türk dünyasının gələcəyi naminə zamanı qabaqlamaq qabiliyyətinin nişanəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İqdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar ifadə edib.
Ümummilli lider Heydər Əliyev və Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə keçirilən “Ümid” körpüsünün açılış mərasiminin aparıcısı olan Ziya Zakir Acar deyib: “Həmin gün təkcə qəlbi həsrətlə çırpınan insanlarımız deyil, uzun illərin ayrılığından sonra doğma torpaqlarımız da yenidən bir-birinə qovuşurdu. “Ümid” körpüsünün adı özündə böyük bir tarixi yaşadırdı. Belə bir tarixi mərasimin aparıcısı olmaq şərəfli olduğu qədər də bütün mənalarda məsuliyyətli idi. Ümummilli lider Heydər Əliyevlə ünsiyyətdə olmaq həyatımın ən unudulmaz səhifələrindən biridir. Türk dünyasının iki böyük liderinin Araz çayı üstündən səsləndirdiyi çağırışlar təkcə türk dünyasının yox, bütün Avrasiyanın gələcək taleyi üçün böyük ümidlər yaradırdı”.
Türkiyədə Azərbaycana olan həsrətin, Ermənistanın işğalçılıq niyyətləri əsasında yaranmış bütün narahatlıqların ümummilli lider Heydər Əliyevin Naxçıvanda rəhbərliyə gəlməsi sayəsində tədricən çəkildiyini, insanlarda gələcəyə olan ümid və inamın artdığını xatırladan Ziya Zakir Acar deyib ki, Türkiyənin şərq bölgəsinin sosial-iqtisadi inkişafı məhz “Ümid” körpüsünün açılışından sonra sıçrayış götürüb.
Tədqiqatçı deyib: “Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl ilə ümummilli lider Heydər Əliyev arasındakı dostluq və qardaşlıq münasibətləri, türk dünyasının iki böyük liderinin bir-birilərinə göstərdikləri sonsuz hörmət və ehtiram əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanırdı. Bu iki tarixi şəxsiyyətin “Ümid” körpüsünün açılış mərasimindəki dərin məzmunlu nitqləri bir tərəfdən insanları ümidsizlikdən qurtulmağa həvəsləndirirdisə, digər tərəfdən də mübarizəyə səsləyirdi. Budur, indi Azərbaycan və Türkiyənin birgə liderliyində bütün türk dünyası birləşir, həmrəyliyimiz hər kəsə örnəkdir. Liderlərimizin otuz il əvvəl “ayrılıq” çayı üstündə səsləndirdikləri çağırışlara indi Arazın o tayından daha aydın qarşılıq verilir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara