Fövziyə Zuari: Cəmiyyətdə qadının yeri ölkədə sivilizasiyanın, demokratiyanın, tərəqqinin və müasirliyin göstəricisidir VİDEO
Paris, 11 iyun, AZƏRTAC
Həmişə müsəlman ölkələrində və digər ölkələrdə qadın hüquqlarının vəziyyəti ilə maraqlanmışam. Azərbaycanda qadın hüquqları, onlara göstərilən dövlət qayğısı diqqətimi daha çox cəlb etdi. Azərbaycan digər müsəlman ölkələrindən tamamilə fərqlidir.
Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, Azərbaycanda qadın hüquqlarına, onların vəziyyətinə həsr edilmiş bu konfrans fransız auditoriyasını məlumatlandırmaq baxımından çox vacibdir. Konfrans yüksək səviyyədə keçib. Azərbaycanda qadınlara dövlət qayğısından, onlarla bağlı həyata keçirilən layihələrdən söz açılıb.
“Etiraf edim ki, dünyəvi müsəlman ölkəsində qadınlara bəzi demokratik Avropa ölkələrindən 100 il əvvəl səsvermə hüququ verilməsi məni təəccüblədirdi. Azərbaycanın bu təcrübəsindən bütün ölkələr bəhrələnməlidir. Qadın hüquqları siyasi fəaliyyət üçün mənbə olmalıdır. Sivilizasiya, demokratiya, tərəqqi və müasirlik anlayışları qadın hüquqları əsasında formalaşdırılmalıdır. Cəmiyyətdə qadının yeri ölkədə sivilizasiyanın, demokratiyanın, tərəqqinin və müasirliyin göstəricisidir”,- deyə F.Zuari diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris