Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar - Azərbaycan tarixində müstəqilliyə, Qarabağa yol açan Zəfər salnaməsi

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ irsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “20 Yanvar Azərbaycan tarixində müstəqilliyə və Qarabağa yol açan şərəf və qəhrəmanlıq salnaməsi” sərlövhəli məqaləsini təqdim edir.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta ozamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. SSRİ-də və dünya sosializm sistemində iqtisadi, siyasi və sosial sahədə uzun müddət formalaşan böhran 1980-ci illərin sonlarında daha da kəskin xarakter aldı. Soyuq müharibənin başa çatmasından sonra postsovet məkanında milli zəmində münaqişələrin başlanması, eləcə də sovet ordusunun 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə, 1990-cı ildə Bakıya və 1991-ci ildə isə Vilnüs hərbi müdaxiləsi də SSRİ-nin süqutunu bəlkə bir neçə on il tezləşdirdi. SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı, Qırğızıstanın Oş vilayətindəki faciəli hadisələr və Özbəkistanın Fərqanə vadisində Məhsəti türklərinə qarşı etnik təmizləmə və qırğın dalğası çoxmillətli dövlət olan SSRİ-də sabitliyi pozdu və real münaqişə ocaqlarına çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxardı.

XX əsrin sonunda Ermənistanın Azərbaycana
təcavüzü və Qanlı 20 Yanvar faciəsinə aparan yol

Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Eyni zamanda, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması da bu məqsədli siyasətin tərkib hissəsi idi.

Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevan-da “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistandan azərbaycanlıların məqsədli şəkildə qovulması və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Dağlıq hissəsini ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

1985-ci ilin martında M.S.Qorbaçovun Sov. İKP MK-nın baş katibi seçilməsindən sonra Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. XX əsrin 80-ci illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Ümumiyyətlə, XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 70 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı. Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi.

Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Eyni zamanda, 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barəsində” qərar qəbul etdilər. DQMV xalq deputatları Sovetinin tərkibində 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlı idi. Azərbaycanlılar isə bu iclasa buraxılmamışdılar.

Lakin onu qeyd etmək vacibdir ki, erməni siyasətçilərinin iddia etdiyi saxta tezis ortaya atılana qədər DQMV-yə rəhbərlik edənlərdən heç biri DQMV iqtisadiyyatının Ermənistandan asılılığından, vilayətin geriliyindən danışmamış, əksinə, vilayətin sosial-iqtisadi inkişafının Azərbaycanın başqa bölgələrinə, hətta, Ermənistanın özünə nisbətən sürətlə irəli getdiyini daim qeyd edirdilər. Baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.

1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqınlar Azərbaycana gəlmişdir. Yanvar-fevral ayları ərzində Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 21-də ermənilər tərəfindən Yerevanda qalmış son məscid də dağıdıldı. Ayın 23-də etnik təmizləmə siyasəti həyata keçirmək məqsədilə ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan yalnız qonşu Zəngilan rayonuna 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Bu dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi.

Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən hadisələrin kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının erməni millətçi hərəkatı üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənləri isə cəzalandırmaq qərarına gəldikləri, elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olmaları haqda fikirlər təsdiqini tapırdı. Faktlar sübut edir ki, törədilmiş talanlar təsadüfi olmamışdır. Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan imkansız ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldan istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur.

1988-ci il sentyabrın 18-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar.

Nəticədə, sovet rəhbərliyinin ermənipərəst siyasəti 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.

Eyni zamanda, 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə - azərbaycanlıları tarixən yaşadıqları torpaqlardan təmizləmək cinayətini həyata keçirdilər. Belə ki, keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan tərəfindən 1988-1989-cu illərdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı. 1991-ci il avqustun 8-də Ermənistanın Mehri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi olan Nüvədidən də azərbaycanlılar qovuldu. Ümumiyyətlə, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təxminən 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından təcavüzə məruz qalaraq qovuldular.

Həmin vaxt 216 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir. 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda şaxtadan donaraq həlak olmuşlar. Qeyd etmək lazımdır ki, 1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi ümumi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kvadratkilometr təşkil edirdi.

Bununla yanaşı, 1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi.

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi.

Qanlı 20 Yanvar və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması

Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, 1990-cı ilin yanvar ayında Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı. 1990-cı il yanvar 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.

1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.

M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır yaralanmış (onların arasında 25 qadın və 20 uşaq var idi ki, onlardan da bəziləri ömürlük şikəst oldu); 4-şəxs itkin düşmüş; 881 nəfər isə qanunsuz həbs edilmişdir. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-ə çatmışdı.

Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannamə, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa müqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur. Bu qanlı hadisələr, həmçinin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır ki, bu da 1949-cu il Cenevrə konvensiyalarına və onlara 1977-ci il Əlavə protokollarında nəzərdə tutulan digər prinsiplərə də ziddir. Eyni zamanda, sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, 1974-cü il dekabrın 14-də BMT Baş Assambleyasının XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı, ona beynəlxalq hüquqi qiymət verildi və 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. Bu baxımdan, bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və hərbi təcavüz hesab olunur.

Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi və dünyanın reaksiyası

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları pislənmişdir. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər. Bununla yanaşı, Türkiyənin kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın adlandırmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqının rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğu bildirmişdir.

Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-York Tayms”, “Baltimor San” mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə, xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi. Sovet rəhbərləri ordunun Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”. Daxili işlər naziri Bakatin isə yanvarın 21-də Azərbaycan Daxili İşlər Nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, “əgər siz (Azərbaycan xalqı nəzərdə tutulur - E.Ə.) sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci ilin aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını qətiyyətlə pisləmişdi.

1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Azərbaycanın İkinci Qarabağ müharibəsində
hərbi-diplomatik və informasiya məkanında uğurları

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüququn prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı və mühüm hərbi Qələbə oldu. Bu tarixi hadisə ilə, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 33 il əvvəl - 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olmuş Vətən övladlarımızın da ruhu şad oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib