22 sentyabr - Filləri Ümumdünya Müdafiə Günüdür
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-i dünyanın bir çox ölkələrində Filləri Ümumdünya Müdafiə Günü kimi qeyd edilir. Bu gün təbiəti mühafizə təşkilatlarının, ekoloqların və fillərin sayının azalmasına görə narahatlıq keçirən insanların təşəbbüsü ilə təsis edilib.
Fillər fəsiləsinin xortumlular dəstəsinə aid olan bu nəhəng heyvanlar planetimizdə yaşayan ən iri məməlilərdir. Ağıllı və çox mütəşəkkil fillər əvvəllər qurunun böyük hissəsində məskunlaşan qədim xortumlular qrupunun bizim günlərə gəlib çıxan yeganə nümayəndələridir. Hazırda təbiətdə fillərə tropik meşələrdə, Cənub-Şərqi Asiya və Afrika savannalarında təsadüf edilir.
Fillər lap qədimdən dünyanın bir çox xalqları tərəfindən sevilən heyvanlardır. Bir çox mədəniyyətlərdə onlar hakimiyyətin, hökmdarların əzəmətinin, müdrikliyin, təmkinin, mehribanlıq və firavanlığın rəmzidir. Buddizmə etiqad edən ölkələrdə fillər uzun ömrün, ehtiyatlı və ağıllı olmağın rəmzi sayılır. Bildiyimiz kimi, fillər qədim dövrlərdə hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib, tikinti işlərinə və yüklərin daşınmasına kömək edib, kəndlilərin əvəzolunmaz köməkçiləri olub. Hətta bizim günlərdə də iqtisadiyyatının əsas sahələrindən birini turizm təşkil edən bir sıra ölkələrin rifahı turistləri cəlb edən fillərdən birbaşa asılıdır. Tailandda və Hindistanda fillər bütün bayramlarda iştirak edir, şənliklərə bənzərsiz kolorit bəxş edir, polo oynayır, yarışır, rəsm çəkir və s.
Filləri Müdafiə Gününün əsas məqsədi Afrika və Hindistan fillərinin populyasiyasının müdafiə olunması və qorunub saxlanılması barədə informasiya yaymaq, ictimaiyyətin dıqqətini bu heyvanların qanunsuz məhv edilməsi və qapalı şəraitdə saxlanılması probleminə cəlb etməkdir.