MƏDƏNİYYƏT
“Tibet mirvarisi” Potala: dünyada ən yüksəkdə yerləşən tarixi saray - FOTOREPORTAJ - VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Çinin Tibet bölgəsinə gələn hər bir əcnəbi əzəməti, gözəlliyi ilə bütün dünyaya səs salan Potala sarayını görməyə can atır. Hündür zirvədə yerləşən bu tarixi saray görənləri sanki nağıllar aləminə çəkib aparır.
Tibet muxtar rayonunun paytaxtı Lasa şəhərindəki Potala sarayı Tibet buddizm incəsənətinin şah əsəri, qoruyucu məbədi hesab olunur. Dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdəki saray şəhərin mərkəzində, Qırmızı dağda yerləşir. Qranit, kərpic və ağacdan inşa olunan, Tibetin vizit kartlarından biri sayılan Potala məbədi 1994-cü ildə UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilib.
Tibet buddizminin rəmzi olan sarayın tarixi 7-ci əsrə, Tubo kralı Sonqtsen Qamponun dövrünə gedib çıxır. İlk vaxtlar yerləşdiyi məkanın adı ilə Qırmızı Dağ Sarayı adlanan məbəd 9-cu əsrdə Tubo Krallığının süqutu nəticəsində dağıdılıb. 1645-ci ildə 5-ci Dalay Lama sarayın qalıqları üzərində yeni bir tikilinin inşasına qərar verir. Elə o vaxtdan saray Dalay Lamanın qış iqamətgahı olur. Tibet memarlığının incisi olan Potala sarayı cənubdan şimala 350 metr, şərqdən qərbə 400 metr uzunluğundadır, hündürlüyü isə 117 metrdir. Divarlarının qalınlığı özüldə 5 metrə çatan saray 13 mərtəbədən və 2 əsas hissədən - Ağ və Qırmızı saraydan ibarətdir. Ağ saray Dalay Lamanın yaşayış yeri, mərasim otaqları, Qırmızı saray isə ibadətgah kimi istifadə olunub. Buradakı buddizmə aid minlərlə manuskriptin, heykəlin, qabların və digər əşyaların hazırlanmasında nadir daşlardan, qızıl və gümüşdən istifadə olunub. Adını Hindistandakı buddislər üçün müqəddəs bir təpədən götürən sarayda 10 mindən çox buddist rəsmli kitab (tanka), rəsmlər, xalçalar, qızıl və gümüş qablar, buddizmə aid əşyalar saxlanılır.
Mindən çox otağı olan saray hazırda muzey kimi fəaliyyət göstərsə də, bura ibadətə gələnlərin sayı da az deyil. Dünyada ən yüksəkdə yerləşən qədim saray olan Potalanın tarixi-mədəni irs kimi mühafizəsi baxımından gün ərzində ziyarət edənlərin sayına məhdudiyyət (gündə ən çoxu 2300 nəfər) tətbiq olunur.
AZƏRTAC-ın xüsusi müxbiri Şahin Cəfərovun Potala sarayından hazırladığı fotoreportajı təqdim edirik.