İDMAN
“Abşeron”un baş məşqçisi: “Azərreyl”dən ötənilki finalın revanşını aldıq
Bakı, 2 noyabr, AZƏRTAC
“Azərbaycan çempionatının oyunlarına hələ start verilməyib. Bu səbəbdən ölkə kubokunu qazanaraq, mövsümə titulla başlamaq istəyirik. Çünki əldə ediləcək uğur gələcək matçlar üçün kollektivə yüksək stimul verəcək”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Abşeron” komandasının baş məşqçisi Famil Ağayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunun finalına yüksəlmələri barədə danışarkən deyib.
Təcrübəli baş məşqçi yarımfinalda məğlub etdikləri (3:1) “Azərreyl”in komanda şəklində zəif mübarizə apardığını bildirib: “Bu komandanın ötən ildən fərqli olaraq, heyətində bəzi dəyişikliklər oldu. “Azərreyl”i zəif komanda adlandırmazdım. Sadəcə, əsas oyunçu Anastasiya Qurbanovanın zədə səbəbindən bizə qarşı oynamaması onlar üçün böyük itki oldu. Keçən mövsüm bu kluba Azərbaycan çempionatının finalında məğlub olmuşduq. Düşünürəm ki, həmin matçın revanşını aldıq”.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisində də məşqçi kimi çalışan mütəxəssis “Gəncə” ilə final görüşünün çətin keçəcəyini bildirib: “Bura kimi gəlmişiksə, kuboku qazanmaq istəyirik. Rəqib bu il çox güclənib. Milli komandanın liberosu Yuliya Kərimova “Gəncə”də çıxış edir. Həmçinin səviyyəli legionerlər transfer edilib. Az səhv edən tərəf kubokun qalibi olacaq. Azarkeşlərə maraqlı oyun göstərmək istəyirik”.
Qeyd edək ki, "Gəncə" və "Abşeron" komandaları arasındakı final matçı noyabrın 4-də keçiriləcək.