ADPU-da şəhidlərimizə həsr olunmuş anım tədbiri keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində şəhidlərimizin xatirəsi anılıb.
Sentyabrın 25-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tərəfdaş qurumların nümayəndələri, təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və tələbələr iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Bakı Dövlət Universitetinin baş müəllimi Əlimusa İbrahimov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov bu kimi tədbirlərin keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olduğunu diqqətə çatdırıblar.
Qeyd edilib ki, bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Natiqlər, həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyətini vurğulayıblar.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizin ailə üzvləri və gənc qazilər çıxış edərək müharibə zamanı onların keçdikləri döyüş yolları, əldə olunan tarixi Qələbəmiz haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda Zəfərə gedən yolu əks etdirən videoçarx nümayiş olunub.