Almaniyada yaşayan azərbaycanlılar irqi ayrı-seçkiliyə qarşı etiraz nümayişi keçirmişlər
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Almaniyada yaşayan azərbaycanlılar türk diasporuna dəstək məqsədilə Münhen şəhərində irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçirmişlər.
Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında keçirilmişdir. Təxminən 600-dək soydaşımızın qatıldığı izdihamlı mitinqin iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları tutaraq “Günahsız insanlara qarşı terror aktlarına son qoyulsun!”, “Ədalətli mühakimə tələb edirik!”, “Demokratik dəyərlərinizi doğruldun!” kimi şüarlar səsləndirmişlər. Mitinqdə iştirak edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri irqi ayrı-seçkiliyi, millətçiliyi pisləyən bəyanatlarla çıxış etmişlər.
Etiraz aksiyasının keçirilməsi “Millətçi-sosialist məxfiliyi” təşkilatı (“Nationalsozialistische Untergrund”) üzvlərinin məhkəmə prosesi ilə bağlıdır. Bu təşkilat 8 türk və 1 yunan vətəndaşının, eləcə də 1 polisin ölümü ilə nəticələnən irqçilik zəminində cinayətlər törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayırlar. Almaniyadakı Azərbaycan diasporu türklərin bu cür amansızlıqla öldürülməsini öz həmyerlilərinin qətli kimi qəbul edir.
Etiraz aksiyasında Münhen Baş Məhkəməsinə ünvanlanan bəyanat qəbul olunmuşdur. Bəyanatda millətçiliyə, irqçiliyə, həmçinin Almaniyadakı türklərin və ümumiyyətlə, bütün Türkiyənin, eləcə də azərbaycanlıların diqqətində olan məhkəmə prosesinə türk jurnalistlərin, öldürülən türklərin ailə üzvlərinin buraxılmamasına etiraz bildirilir.
Qeyd edək ki, Münhen məhkəməsi türk mediasının prosesə buraxılmaması ilə bağlı Almaniyadakı türk və Azərbaycan diasporunun həssaslığını, etiraz dalğasının böyüməsini, həmçinin rəsmi Ankaranın işə qarışmasını nəzərə alaraq jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxacaqdır. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar aprelin 17-nə təyin edilən məhkəmə prosesi mayın 6-dək təxirə salınmışdır.