ALMANİYANIN MAYNTS ŞƏHƏRİNDƏ MİLLİ AZLIQLARIN BEYNƏLXALQ FESTİVALI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Maynts şəhərində milli azlıqların beynəlxalq festivalı keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Maynts şəhər bələdiyyəsinin təşkil etdiyi festivalda Azərbaycan icmasını “Maynts-Azərbaycan” və “Frankfurt-Azərbaycan” cəmiyyətləri təmsil etmişlər.
Tədbirdə bir neçə ölkənin Almaniyadakı səfirliklərinin və beynəlxalq təşkilatların, şəhər rəhbərliyinin, müxtəlif xalqların diaspor təşkilatlarının nümayəndələri, eləcə də “Maynts-Azərbaycan” Cəmiyyətinin sədri Bəşar Kömür, “Frankfurt-Azərbaycan” Cəmiyyətinin sədri Kəmalə İsgəndərova, Maynts şəhər Azsayli Xalqlar Məclisinin azərbaycanlı üzvü Ruslana Süleymanova, Almaniya Azərbaycan Əlaqələndirmə Mərkəzinin təmsilçisi Samirə İsmayılova və diasporumuzun digər fəalları iştirak etmişlər.
Mayntsın “Domplatz” meydanının mərkəzində Azərbaycan güşəsi yerləşdirilmişdir. Guşə Azərbaycan bayrağı və ölkəmizi tanıtmaq məqsədi ilə hazırlanan Azərbaycan haqqında kitablar, broşürlər, jurnallar və CD-lərlə bəzədilmişdir.
Azərbaycanla bağlı məlumat lövhəsində ötən ilin mayında Mayntsın bələdiyyə başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini, Bakıda keçirdiyi görüşləri əks etdirən şəkillər, qəzet və jurnallar da yer almışdır.
Azərbaycan haqqında hazırlanmış məlumat vərəqələri festival iştirakçılarına paylanmışdır. Qonaqlar həm də milli mətbəximizin nümunələrinə qonaq edilmişlər.
“Maynts-Azərbaycan” Cəmiyyətinin nəzdində fəaliyyət göstərən rəqs qrupu Azərbaycan rəqslərini ifa etmişdir. Rəqslərimiz böyük diqqət və maraq cəlb etdiyindən digər xalqların rəqs qrupları 10-15 dəqiqə çıxış etdikləri halda, Azərbaycan musiqiçiləri dəfələrlə alqışlar altında səhnəyə qaytarılmış və 45 dəqiqədən çox səhnədə olmuşlar.
Soydaşlarımızın hazırladığı guşə və mədəni proqram şəhər rəhbərliyi və tədbirin təşkilatçıları tərəfindən yüksək razılıqla qarşılandığından onlar gələn il keçiriləcək festivala da dəvət edilmişlər.
######
