ASTANADA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ İTTİQAFININ BİRİNCİ QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astanada Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının birinci qurultayı keçirilmişdir.
Qurultayda Qazaxıstanın 14 vilayətindəki, həmçinin Astana və Almatı şəhərlərindəki Azərbaycan mədəniyyət mərkəzlərinin rəhbərləri və yerlərdən gəlmiş qurultay nümayəndələri, Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi Namiq Baxşəliyev, Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının prezidenti, professor Serik Jalmaxanov, Məsləhət Şurasının sədri, professor Asxad Şakirov və digər şəxslər iştirak etmişlər.
İttifaqın prezidenti Vidadi Salahov bildirmişdir ki, xaricdə Azərbaycan diasporunun təşkilatlanması işində dünya azərbaycanlılarının Bakıda keçirilən qurultaylarının çox böyük əhəmiyyəti olmuş, Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsası qoyulmuşdur. O, ötən dövr ərzində Qazaxıstanda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin işinin əlaqələndirilməsi sahəsində müəyyən tədbirlərin həyata keçirildiyini və bu işin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
V.Salahov demişdir ki, Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti bu torpaqlara sürgün olunanların nəvə-nəticələridir və onlar öz adət-ənənələrini yaddan çıxarmamış, xeyir-şər mərasimlərini elə Vətənləri - Azərbaycanda olduğu kimi keçirirlər.
Sonra vilayət və şəhər mədəniyyət mərkəzlərinin rəhbərləri görülən işlər haqqında hesabat vermiş, təşkilati məsələlərə baxılmışdır.
Qurultay nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə müraciətlər qəbul etmişlər.