SİYASƏT
Astanadakı Azərbaycan diasporunun üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmişlər
Astana, 31 dekabr (AZƏRTAC). Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı (AMMİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə mərasim keçirmişdir.
Tədbirdə Astanadakı diasporumuzun fəal üzvləri, Qazaxıstanın elm, mədəniyyət və incəsənət xadimləri, azərbaycanlı tələbələr, digər diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər iştirak etmişlər. AMMİ-nin sədri Vidadi Salahov bu münasibətlə salona toplaşanları təbrik edərək bildirmişdir ki, bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə bütün dünyada yaşayan soydaşlarımızı bir yerə toplamaq, onların qayğı və problemləri ilə maraqlanmaq və bütün dünyada yaşayan azərbaycanlıların Bakıda qurultaylarının keçirilməsi ideyası da məhz ulu öndərə məxsusdur.
Sonra V.Salahov ulu öndərin ideyalarının layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xaricdəki diaspor qurumlarının təşkilatlanması istiqamətindəki fəaliyyətindən söhbət açmış, ölkəmizdə aparılan quruculuq işlərindən danışmış, iqtisadi islahatlar haqqında məlumat vermişdir.
Astanadakı “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Vidadi Ağayev, Qazaxıstan Müdafiə Nazirliyinin məsul işçisi Kairbek Sakinov və başqaları bu bayramın əhəmiyyətindən danışmış, ulu öndər Heydər Əliyevin bütün dünyada yaşayan azərbaycanlıların bir ideya ətrafında birləşdirilməsi istiqamətindəki müstəsna xidmətləri haqqında söhbət açmışlar.
Sonra ictimai işlərdə fərqlənən azərbaycanlı tələbələrə AMMİ-nin diplomları və qiymətli hədiyyələr verilmiş, mərasim konsert proqramı ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana