AVROPA AZƏRBAYCANLILARI KONQRESININ II QURULTAYI BAKIDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir ki, Avropada fəaliyyət göstərən 64 Azərbaycan diaspora təşkilatından 200 nəfərədək nümayəndənin iştirak edəcəyi bu tədbirdə təsis qurultayından keçən dövr ərzində təşkilatın Avropa ölkələrindəki Azərbaycan diasporunun formalaşdırılması istiqamətindəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, diaspor fəaliyyətinin genişləndirilməsi, soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Azərbaycanın ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi, təşkilatın qarşıya qoyduğu məqsədlərin reallaşdırılması və digər məsələlər müzakirə ediləcəkdir. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə yeni üzvlərin qəbulu, təşkilatlanma işinin daha da gücləndirilməsi məqsədilə qurumun nizamnaməsinə dəyişikliklərin edilməsi də planlaşdırılır.
Qurultayda Azərbaycan icmalarının türk və yəhudi diasporu ilə əməkdaşlıq imkanları, Avropada Azərbaycan lobbisinin yaradılması istiqamətində görüləcək tədbirlər, AAK-ın digər regionlardakı federasiya və təşkilatlarla əlaqələrinin qurulması, qurumun operativ idarə olunması məqsədilə daimi qərargahın yaradılması və digər məsələlər də diqqət mərkəzində olacaqdır.
Toplantının sonunda bir neçə mühüm sənəd qəbul ediləcəkdir.