Azərbaycan diasporunun üzvləri Türk Dünyası Bələdiyyələr Birliyinin sədri ilə görüşmüşlər
Bakı, 3 aprel (AZƏRTAC). Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) idarə heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində yenidən Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu ilə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, TADEF-in sədri Bilal Dündar İbrahim Karaosmanoğlunu yenidən Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri seçilməsi münasibətilə təbrik edərək Kocaeli şəhərinin Azərbaycan və türk dünyasında da özünəməxsus yeri olduğunu demişdir. TADEF ilə Kocaeli Böyük Şəhər Bələdiyyəsi arasındakı əməkdaşlığa toxunan B.Dündar federasiyanın fəaliyyətinə verdiyi dəstəyə görə bələdiyyə sədrinə minnətdarlığını bildirmişdir.
Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdəki əməkdaşlıqdan məmnunluqla danışmışdır. Kocaeli Universitetində azərbaycanlı gənclərin təhsil aldıqlarını xatırladan İ.Karaosmanoğlu bundan sonra da onlara təhsil almaq və təcrübə keçmək üçün hər cür imkanın yaradılacağını vurğulamışdır. Bələdiyyə sədri, eyni zamanda, Türkiyədə ənənəvi olaraq keçirilən 23 aprel - Beynəlxalq Uşaq Festivalına Azərbaycan təmsilçilərinin də dəvət olunduğunu qeyd etmişdir.
Sonda TADEF ilə Kocaeli Böyük Şəhər Bələdiyyəsi arasında bu şəhərdə Azərbaycanın 28 May - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə birgə tədbirlərin keçirilməsi haqda razılıq əldə olunmuşdur.