Azərbaycan Dubayda keçirilən “ATM -2013” Beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 7 may (AZƏRTAC). Mayın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "ATM -2013" Beynəlxalq turizm sərgisi açılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 91 ölkəsindən 2500-ə yaxın iştirakçının qatıldığı sərgidə Azərbaycan geniş tərkibli heyətlə təmsil olunur.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin turizm şöbəsinin böyük məsləhətçisi Cəfər Qarayev və məsləhətçisi Azər Orucov, həmçinin “SW travel”, “Millennium Tourism and Congress”, “Sport Luxury”, “Gilan tourism”, “Pasha travel”, “Xəzər travel” turizm şirkətləri və “Chinar Hotel and Spa Naftalan”, “Fairmont Baku”, “Gallery hotel”, “Four Seasons”, “Kempinski Hotel Badamdar” və “Marriott hotel Absheron Baku” mehmanxanalarının nümayəndələri daxildirlər.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kvadratmetr sahədə lövhə quraşdırılmış, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılması üçün ingilis və ərəb dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri artıq onuncu dəfədir ki, “ATM” Beynəlxalq turizm sərgisində iştirak edir.
Sərgi mayın 9-dək davam edəcəkdir.