AZƏRBAYCAN GƏNCLƏRİ MOSKVADA ERMƏNİSTAN SƏFİRLİYİNİN BİNASI QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRMİŞLƏR
Etiraz aksiyası “Qarabağ Azərbaycandır”, “Ermənistan təcavüzkar və işğalçıdır”, “Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar”, “Ermənistan terrorizm ofisidir”, “Rusiya və Azərbaycan separatçıların, quldurların, ekstremist və terrorçuların əleyhinədirlər” şüarları altında keçmişdir.
“Qarabağ” Beynəlxalq Fondunun prezidenti Roman Ağayev piketçilərin müraciətini Ermənistan səfirliyinin nümayəndələrinə təqdim etmişdir. Müraciətdə deyilir ki, bu oyuncaq referendumlar və beynəlxalq hüququn kobudcasına təhqir edilməsi, ilk növbədə, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınması yollarını axtarmaq səylərini boşa çıxarır, sülh yaradcısı kimi Rusiyanın beynəlxalq aləmdə imicinə böyük ziyan vurur”. Müraciətdə bildirildiyi kimi, ona görə də Rusiyanın strateji tərəfdaşı olan Azərbaycan və bütün dünya azərbaycanlıları ermənilərin dünya birliyinin bütün sivil üzvləri tərəfindən tanınmış prinsip və normaların təhqir və tapdalanmasına yönəldilən hər cür fitnəkarlığının əleyhinə çıxırlar.
Müraciətdə suveren Azərbaycanın işğal edilmiş ərazilərində separatçıların “referendum” keçirməsinə qarşı qəti etiraz ifadə olunmuşdur. Münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dincliklə nizama salmaqla bilavasitə məşğul olan Avropa Şurası, ATƏT-in Minsk qrupu kimi nüfuzlu beynəlxalq təşkilatların, habelə qondarma “DQR”də “referendum” keçirilməsinə son dərəcə mənfi münasibətini bildirmiş digər beynəlxalq qurumların rəsmi bəyanatları tamamilə dəstəklənir.
Müraciətdə deyilir: “Əminik ki, Ermənistanın beynəlxalq münasibətlərin vasitəsi kimi əl atdığı təcavüz, separatizm, ekstremizm və terrorizm bütün dünya birliyi, o cümlədən də çoxmillətli dövlət kimi Rusiya üçün fəlakətlidir”.