Azərbaycan icması bu gün Sankt-Peterburqun ən iri etnik qurumlarından biri hesab edilir
Bakı, 24 yanvar (AZƏRTAC). Son illərdə Rusiya-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə çatmışdır. İki ölkə siyasi, iqtisadi və humanitar münasibətlər sahəsində strateji tərəfdaşlara çevrilmişdir. Bu fəaliyyət kursu praqmatizm və mehriban qonşuluq prinsiplərinə əsaslanır, iki ölkənin rəhbərləri arasında dostluq əlaqələri sayəsində formalaşır.
Bu fikirlər “Moskovskiy komsomolets” qəzetində dərc olunmuş məqalədə öz əksini tapmışdır. Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı sözlərini sitat gətirir: “Biz Rusiya ilə həm dövlətlərarası səviyyədə əməkdaşlığa, həm də Rusiyanın və Azərbaycanın müxtəlif regionları arasında əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu mənada Sankt-Peterburqla bizim qarşılıqlı münasibətlərimiz prioritet əhəmiyyətə malikdir. Əminəm ki, biz iqtisadi əlaqələrin və əmtəə dövriyyəsinin həcmini artıra biləcəyik. Maraqlı layihələr çox olacaq. Azərbaycanın və Peterburqun potensialı ilbəil artır, səmərəli əməkdaşlıq üçün yaxşı şərait yaranır”.
Məqalədə qeyd edilir ki, Peterburqda Azərbaycan diasporunun yaranması XIX əsrin əvvəlindən başlanmışdır. Məhz həmin dövrdə Şimali Azərbaycan Rusiya imperiyasına birləşdirilmişdi. Rusiyanın şimal paytaxtında məskunlaşmış ilk azərbaycanlılar buraya özünə hərbi karyera qurmaq və yaxşı təhsil almaq ümidi ilə gələn kübarların nümayəndələri idi.
Keçən əsrin 90-cı illərinin axırlarında Peterburqda vahid Azərbaycan milli-mədəni muxtariyyəti yaradılmışdır.
Bu gün Azərbaycan icması Rusiyanın şimal paytaxtında ən iri etnik qurumlardan biri hesab edilir. İcmanın nümayəndələri arasında görkəmli alimlər, həkimlər, pedaqoqlar, hüquqşünaslar, yaradıcı peşə adamları çoxdur. Onlar öz talelərini Peterburqla bağlamışlar və indi şəhər sakinlərinin rifahı naminə çalışırlar.