Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 2 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniya Krallığı və Andorra Knyazlığında səfərdədir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Madrid şəhərində yerləşən qərargahında təşkilatın baş katibi Taleb Rifai ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il mayın 29-dan iyunun 1-dək Bakıda reallaşdırılması nəzərdə tutulan İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində DTT tərəfindən turizm sahəsi üzrə sessiyanın keçirilməsi və həmin tədbirə təşkilata üzv ölkələrin turizm nazirlərinin dəvət edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Tərəflər, həmçinin ölkəmizdə elektron viza sisteminin tətbiqinə təşkilat tərəfindən texniki dəstəyin göstərilməsi, Mədəniyyət və Turizm Nazirliyi və DTT arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra digər layihələrlə bağlı məsələləri müzakirə etmişlər.
Görüşdə DTT tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göstərilən texniki dəstək qeyd olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm haqqında yeni qanun layihəsi hazırlanmışdır. Həmin layihənin yerli ekspertlərlə və digər rəsmi qurumlarla müzakirə edilməsi üçün fevralın 3-dən 12-dək DTT ekspertinin Bakıya səfəri gözlənilir.
Bununla yanaşı, görüşdə Berlin şəhərində “İTB Berlin” Beynəlxalq turizm sərgisi zamanı DTT tərəfindən təşkil olunacaq İpək Yolu ölkələrinin turizm nazirlərinin görüşündə Ə.Qarayevin iştirakı, habelə Bakıda keçirilməsi nəzərdə tutulan İpək Yolu üzrə işçi qrupunun görüşü və “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində 3-cü seminar ilə bağlı fikir mübadiləsi aparılmışdır.