Azərbaycan ilə Tacikistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzoda ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfir Abdurahmon İlham Barotzoda etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində qarşılıqlı hörmət, dostluq və həmrəyliyə əsaslanan münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv təmasların rolu vurğulanıb.
Səfir Abdurahmon İlham Barotzoda fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maral doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.