Azərbaycan jurnalistləri Ukraynaya press-turda iştirak edirlər
Yevpatoriya, 23 may (AZƏRTAC). AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, mayın 21-dən 22-dək Krım Muxtar Respublikasında (KMR, Ukrayna) Azərbaycan da daxil olmaqla MDB iştirakçısı olan altı dövlətin jurnalistləri üçün press-tur təşkil edilmişdir. Tədbirin təşkilatçıları Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyi, KMR Kurortlar və Turizm Nazirliyi, habelə “Krım Kurort-turizm agentliyi” müəssisəsidir.
Tədbir çərçivəsində Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan və digər ölkələrin müxtəlif kütləvi-informasiya vasitələrini təmsil edən 12 jurnalist Yevpatoriyanın mədəni və rekreasiya imkanları ilə tanış olmuş, “Zolotoy bereq” və “Primorye” sanatoriyalarına baş çəkmişlər.
Azərbaycanı bu tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) müxbirləri təmsil edirdi.
Mayın 21-də “Kiçik Yerusəlim” marşrutu üzrə ekskursiya təşkil edilmişdir, qonaqlar Yevpatoriyanın Turizm və İnformasiya Mərkəzinə baş çəkmişlər. Jurnalistlər şəhərin sanatoriya-kurort potensialı ilə tanış olmuşlar.
Press-turun ikinci günündə xarici KİV-lərin nümayəndələri Krım üzrə “Qədim kurortun yeni siması” adlı II Beynəlxalq turizm marşrutları və ekskursiya proqramları sərgisinin açılış mərasimində iştirak etmişlər.
Panel müzakirələri zamanı diskussiyaların gedişində və mətbuat konfranslarında AZƏRTAC-ın nümayəndələri öz həmkarlarına, xarici turizm firmalarının əməkdaşlarına və turizm operatorlarına Azərbaycanın inkişaf etmiş turizm sənayesi, cəlbedici gözəl təbiəti barədə məlumat vermiş, ölkənin bütün guşələrində komfortabelli və müasir mehmanxanalar şəbəkəsi haqda söhbət açmışlar.
Səfər çərçivəsində KMR Kurortlar və Turizm Nazirliyinin rəhbərliyi ilə də görüşlər olmuşdur.
Press-turun iştirakçıları Yevpatoriya akvariumuna və F.E.Falts-Feyn adına “Askaniya-Nova” biosfera yasaqlığına baş çəkmişlər.
Press-tur müddətində xarici KİV-lərin nümayəndələri üçün Xerson, Zaporojye, Dneprepetrovsk vilayətlərinə və Kiyevə səfər də planlaşdırılmışdır.
Çingiz Bayramov, Anar Xəlilov
AZƏRTAC-ın müxbirləri
Krım, Ukrayna