MƏDƏNİYYƏT
Azərbaycan Konqres Bürosunun təqdimat mərasimi keçiriləcəkdir
Bakı, 7 iyun (AZƏRTAC). İyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan büronun əsas fəaliyyəti ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcəkdir.
Mərasim zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında büronun yaradılması barədə niyyət protokolu imzalanacaqdır.
Büroya üzv olmaq arzusunda olan turizm şirkətləri və digər müqabil tərəflər üçün quruma üzv olmaq imkanı yaradılacaqdır. Onların bilavasitə imzalanma mərasiminə qoşulması nəzərdə tutulmuşdur.